Şahmat üzrə Azərbaycan çempionatı: Gövhər Beydullayeva liderliyini möhkəmlədib
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında üçüncü turun görüşləri keçirilib.

Maksimum xala malik Gövhər Beydullayeva hesabat turunda Türkan Məmmədyarovaya qalib gəlib. Ardıcıl üçüncü qələbəsini qazanan 19 yaşlı şahmatçı liderliyini möhkəmlədib.

Reytinq favorit Gülnar Məmmədova üçüncü turda Ülviyyə Fətəliyevaya uduzub. Ləman Hacıyevanın Ayan Abdullayeva, Xanım Balacayevanın isə Xəyalə Abdulla ilə qarşılaşmaları heç-heçə yekunlaşıb.

Üç turdan sonra maksimum xala malik Gövhər Beydullayeva lider mövqeyindədir. Liderdən yarım xal geri qalan Ülviyyə Fətəliyeva ikinci yerdədir. Xanım Balacayeva 2 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət yarışa mayın 23-də yekun vurulacaq. Çempionatın mükafat fondu 11 min 400 manat təşkil edir. Qalib 4 min manat qazanacaq.

Xəbər 247 dəfə oxundu.