Elnur Qasımov: “Mingəçevir” klubunun üst liqaya yüksəlməsi bütün azarkeşləri sevindirdi
Üç il Region Liqasında komandamıza azarkeşlik etmişik. Komandamızın bir üst liqaya yüksəlməsi bütün azarkeşləri sevindirdi. Bu xəbəri mingəçevirliliər bayram kimi qəbul etdilər. Artıq “Mingəçevir” klubu Birinci Divizionda təmsil olunacaq. Bu bizləri çox sevindirir. Ümid edirəm ki, növbəti illərdə komanda Premyer Liqaya vəsiqə qazanacaq. Bizim şəhərə və azarkeşlərimizə Premyer Liqa yaraşır.

“Mingəçevir” futbol klubunun “Zona 45” azad azarkeş qrupunun rəhbəri Elnur Qasımov deyib.

Komandanın hər oyununda azarkeş sayında artımın hiss olunduğunu deyən E.Qasımov bildirib: “Bir neçə il əvvəl stadiona çox az sayada azarkeş gəlirdi. Amma indi hər oyunumuzda böyük izdiham və coşğu müşahidə edilir. Cari mövsümə 2 min azarkeş ilə başlamaşdıq. Sonuncu ev oyunumuzda isə stadionda 4 mindən artıq azarkeş var idi. Bu mingəçevirlilərin futbola olan marağının və sevgisinin əlamətidir. Mingəçevir şəhər stadionu 5 min 200 azarkeş tutumuna malikdir. İnanıram ki, növbəti mövsümdə arena tam dolacaq. Komandamızın ölkə kuboku yarışlarında uğurla çıxış edəcəyi təqdirdə stadionun 7 min azarkeş qəbul edəcəyini düşünürük”.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danış E.Qasımov deyib: “İdman infrastrukturu təkcə paytaxtda deyil, bölgələrdə də beynəlxalq standartlara uyğun qurulur. Bölgələrdə beynəlxalq turnirlər yüksək səviyyədə təşkil olunur. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman sahəsində əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin bariz nümunəsidir”.

“Azarkeş qrupunun rəhbəri olaraq oyunlara Vətən müharibəsi qazilərini dəvət edirik. Sonuncu oyunda şəhid Atiq İbrahimovun xatirəsi yad olundu. Oyunun əvvəlində və ya matçın 44-cü dəqiqəsində həmişə şəhidlərimizin xatirisəni yad edirik”, - deyə E.Qasımov əlavə edib.

Xəbər 245 dəfə oxundu.