Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub
Azərbaycan Basketbol Federasiyası (ABF) “Yeni nəfəs! Yeni başlanğıc! “ şüarı ilə yola çıxaraq, yenilənməyə və basketbolun təkmilləşdirilməsinə dair işlər görməkdə davam edir.

Federasiya rəhbərliyi bu idman növündə uğurlar qazanmış bir çox ölkələrin inkişaf addımlarından bəhrələnərək kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunması barədə qərar verib. Bundan sonra bu vəzifəni serbiyalı mütəxəssis Aleksandar Trifunoviç tutacaq. Ona köməkçi məşqçi kimi litvalı Aurimas Jasilionis yardımçı olacaq. Qeyd edək ki, baş məşqçi ilkin mərhələdə komandaya müəyyən şərtlər altında qəbul olunub. Qarşıya qoyulan ən mühüm şərtlərdən birincisi iyunun 28-dən iyulun 3-dək Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C divizionunda millimizin göstərəcəyi nəticə olacaq. Bu və digər bir neçə nəticə məlum olduqdan sonra məşqçi ilə müqavilənin uzadılması və ya xitam verilməsi məsələsinə baxılacaq.

Qeyd etmək lazımdır ki, yığma komandamızın sabiq baş məşqçisi Samit Nuruzadə əsas millimizə dəstək göstərməkdə davam edəcək. S.Nuruzadə burada məsləhətçi vəzifəsini icra edəcək.

Yığma komandamızın yeni baş məşqçisi Aleksandar Trifunoviç 1967-ci il mayın 30-da Serbiyanın Belqrad şəhərində anadan olub. İdmançı karyerası ərzində Serbiyanın “Srvena Zvezda” (1986-88, 1991-97) və “Atlas” (2000-2001), Xorvatiyanın “Zadar” (1988-91), İsveçrənin “Fribur Olimpik” (1997-98), Polşanın “Şlensk Vroçlav” (1998-2000) klublarında çıxış edib. 1993-cü və 1994-cü illərdə Yuqoslaviya çempionu olub.

Məşqçilik karyerasına 2002-ci ildə Serbiyanın “Srvena Zvezda” klubunda başlayıb və bir mövsüm köməkçi olmaqla üç mövsüm bu klubun uğurları üçün çalışıb. 2006-2007 və 2007-08-ci il mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib. Sonra serbiyalı mütəxəssis 2008-2009-cu il mövsümündə Yunanıstanın “Panionios”, 2009-2010-cu il mövsümündə Serbiyanın “Srvena Zvezda”, 2010-2011-ci ildə Litvanın “Letuvos Ritas”, 2011-2012-ci illərdə “Jalqiris”, 2013-2015-ci illərdə Qazaxıstanın “Astana”, 2016-2017-də Türkiyənin “Yeşilgiresun Bələdiyyə”, 2017-2018-də “Pınar Karşıyaka”, 2019-cu ildə Bosniya və Herseqovinanın “İqokeya” klublarında baş məşqçi kimi fəaliyyət göstərib. Serbiyalı məşqçinin son iş yeri 2020-ci ildən çalışdığı Rusiyanın “Ximki” klubu olub.

Mütəxəssis baş məşqçi kimi, 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik liqası çempionu olub. 2012-ci ildə eyni ölkənin “Jalqiris” klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda Litva kubokunun, həmin il “Jalqiris”lə həm də Baltik liqasının qalibi olub.

Xəbər 416 dəfə oxundu.