“Şamaxı” ilə səfər oyunu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub
Azərbaycan Premyer Liqasının 27-ci turunun “Şamaxı” ilə səfər oyunu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Rafael Utziq və Stefan Vukçeviç çempionatda 50-ci dəfə meydana çıxıblar. Hər iki legioner “Qəbələ”nin heyətində ötən mövsüm debüt edib. Premyer Liqada yalnız bir klubun formasını geyinməklə “100”ü yarılayan oyunçular həm ötən mövsümdə, həm cari çempionatda eyni sayda – 25 dəfə şans qazanıb.

Yubiley matçında 90 dəqiqə meydanda olan Utziq Premyer Liqadakı 50 qarşılaşmada 11 qol vurub. O, 2020/2021-ci il mövsümündə 5, 2021/2022-ci il mövsümündə 6 dəfə rəqib qapısına yol tapıb. Şamaxıdakı görüşün 57-ci dəqiqəsində meydana daxil olan Vukçeviç yeganə qoluna ötən mövsümdə imza atıb.

Xatırladaq ki, 27-ci turun oyununadək 30 futbolçu “Qəbələ”nin heyətində Premyer Liqada 50 və ya daha çox matç keçirmişdi. Utziq bu siyahıda 31-ci, Vukçeviç 32-ci olub.

Xəbər 304 dəfə oxundu.