Kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək
Mayın 20-22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək.

Kişi və qadınlar arasında keçiriləcək yarış pandemiya səbəbindən ikiillik fasilədən sonra təşkil olunacaq.

Çempionatda ilk dəfə idmançılar kikboksinqin full kontakt növü üzrə mübarizə aparacaqlar. Buna səbəb bu növ üzrə yarışın avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının proqramına salınmasıdır.

Beləliklə, XXVI Azərbaycan çempionatı iştirakçıları kikboksinqin lou kik və full kontakt növləri üzrə medallar uğrunda yarışacaqlar. Kişilər hər iki növ üzrə 9, qadınlar isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar.

Yarışın ilkin mərhələsinə mayın 20-də start veriləcək. Saat 14:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.

Qeyd edək ki, yarışın qalibləri İslamiadada Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

Xəbər 441 dəfə oxundu.