Rauf Kazımov: Avropa çempionatına yollanacaq 16 idmançının hər biri medal qazanmağa iddialıdır
İyunun 8-dən 13-dək Soçidə keçiriləcək stronqmen üzrə Avropa çempionatına hazırlıq yüksək səviyyədə gedir. Çalışırıq komanda ilə birlikdə həftəarası birgə məşq edək. Komanda yoldaşlarım ilə tez-tez əlaqə saxlayır və bir-birimizə motivasiya veririk.

Çempionata hazırlığın AAAF idman zalında təşkil olunduğunu bildirən R.Kazımov vurğulayıb: “Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev və strikt karl üzrə rəhbər Camal Əhmədzadə təlim-məşq toplanışı üçün hər cür şərait yaradıblar. Hazırlıq prosesi məhz federasiya rəhbərliyinin nəzarəti altında keçirilir. Rusiyaya yollanacaq heyətdə gözəl ab-hava hökm sürür”.

“Milli komandamızın heyətində yetərincə güclü idmançılar var. Avropa çempionatına yollanacaq 16 idmançının hər biri medal qazanmağa iddialıdır. Turnirə müxtəlif ölkələrdən güclü idmançılar qatılacaqlar. Yarışların gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar. Əsas məqsədimiz uğurla çıxış edib üçrəngli bayrağımızı ucaltmaqdır”, - deyə ölkə çempionu əlavə edib.

Strikt karl idman növünün ölkəmizdə yeni inkişaf etdirildiyini bildirən R.Kazımov qeyd edib ki, bu növdə rekordlar tez-tez yenilənir və sürpriz rekordlar hər kəsi təəccübləndirir.

Xəbər 245 dəfə oxundu.