Azərbaycan Basketbol Federasiyanın yeni loqosu və milli komandanın formaları təqdim edilib
Azərbaycan Basketbol Federasiyası yeni deviz – “Yeni nəfəs, yeni başlanğıc” müəyyənləşdirib.

Bu barədə mayın 17-də federasiyasının eyni adlı tədbirində açıqlama verilib.

Mərasimə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, federasiya prezidenti Emin Əmrullayev və ali təhsil ocaqlarının rəhbərləri qatılıblar.

Tədbirdə çıxış edən ABF-in seleksiya üzrə baş koordinatoru Zərbəli Sahibcanov federasiyanın əsas məqsədinin gənc nəslə basketbolu sevdirmək olduğunu bildirib: “Federasiya yeniyetmələr arasında basketbolun kütləviliyinin artırılmasına nail olmaq üçün bir sıra tədbirlər həyata keçirir. Belə ki, şəhər və rayonlar arasında birinciliklər keçirilib, zona yarışları təşkil edilib. Aprel ayında zona yarışları keçirilib və 24 komanda finala vəsiqə qazanıb”.

Qeyd edib ki, yarışlar vasitəsilə həm də, ölkə üzrə hündürboylu uşaqların axtarışı aparılıb. Eyni zamanda, fevralda ölkənin bir neçə bölgəsində fiziki tərbiyə üzrə məşqçilərlə seminarlar təşkil edilib. Tədbirlərin təşkilində əsas məqsəd, həm də basketbol haqda oyun qaydaları barədə məlumat vermək olub.

“Şəhər və rayonlar üzrə daxili birinciliklərdə qrupumuzun üzvləri bu yarışları müşahidə etməklə, şagirdlər arasında uyğun uşaqlar seçiblər. Bu turnirlərdə ümumilikdə 1416 komanda iştirak edib. Paytaxt Bakıda isə ümumilikdə 136 komanda yarışlarda iştirak edib. Federasiya tərəfindən 79 nəfər seçilib”, - deyə Z.Sahibcanov əlavə edib.

Daha sonra federasiyanın yeni loqosu və milli komandanın formaları təqdim edilib. Loqoda basketbol topu, meydançası, bayraq lentləri və buta simvolu əks olunub.

Qeyd edilib ki, loqodan veb-saytlarda, milli komandanın formalarında istifadə ediləcək.

Formalarda Azərbaycan yazısı və oyunçuların soyadı göstərilib.

Tədbirdə çıxış edən federasiya prezidenti Emin Əmrullayev təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını bildirib: “Basketbol idman növünə maraq böyükdür amma uşaqlar arasında kütləviliyinin təmin olunması üçün məqsədyönlü işlərin görülməsi vacibdir. Bununla yanaşı, gənc idmançıların həm idmanla məşğul olması, eyni zamanda təhsilə diqqət etmələri üçün işlər görülməlidir. Uğur əldə etmək üçün intellekt də önəmlidir. Təhsil Nazirliyi olaraq məktəblərdə basketbolun inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Uşaq basketbolu üzrə dünyanın tanınmış mütəxəssislərini də cəlb etmək və onlarla uzunmüddətli əməkdaşlıq etməyi düşünürük”.

Federasiya rəsmisi hər şey lazımi qaydada gedərsə, 5-6 ildən sonra 16-17 yaşlılardan ibarət komandalar fərqli nəticələr göstərəcəyini bildirib: “Beş il ərzində artıq beynəlxalq yarışlarda uğurla çıxış edən komanda formalaşdırılacaq. Ali təhsil müəssisələrində komandaların daha da peşəkar şəkildə çıxış etmələri üçün xüsusi təqaüdlər də ayrıla bilər”.

Xəbər 183 dəfə oxundu.