Fransalı səyyahlar: Azərbaycan gənc və dinamik inkişaf edən ölkədir
11 ay əvvəl Fransadan çıxanda çox pis hava var idi. Məqsədimiz xüsusi qayğıya ehtiyacı olanlara dəstək olmaq, insanlarla görüşmək olduğundan heç bir çətinlik bizə mane ola bilmədi. Azərbaycan çatdığımız 11-ci ölkədir və buraya gələnə qədər 11 min kilometr məsafə qət etmişik. Azərbaycanın Gürcüstanla quru sərhədləri bağlı olduğu üçün yerli hökumət quru sərhədini keçməyə icazə verdi ki, bunun üçün də minnətdarlığımızı bildiririk. Ölkənizə gələndən sonra bir sıra tədbirlərdə iştirak etmişik. Bakıda təşkil olunan marafona qatıldıq. Marafonda paralimpiyaçıların ön sırada olmasını fiziki qüsurlu insanlara diqqətin göstəricisi kimi qiymətləndiririk və bunu alqışlayırıq. Tədbirdə müxtəlif yerlərdən, ayrı-ayrı sahələrdən gələn uşaqlar da var idi. Marafona qatılmaq bizim üçün böyük şərəf idi. Bir çox yerləri gəzmək, görmək üçün imkan yaratdıqlarına görə, Gənclər və İdman Nazirliyinə və Xüsusi Olimpiya Komitəsinə təşəkkür edirik.

Bu sözləri Fransadan həyat yoldaşı Emili Sançislə birlikdə velosipedlə dünya turuna çıxan Devi Sançis mayın 16-da Bakıda təşkil olunan mətbuat konfransında bildirib.

O, qeyd edib ki, layihəyə başlamazdan əvvəl xəritəyə baxıb, keçəcəkləri yollara nəzər salıblar. Azərbaycana gəlməyi çox istədiklərini bildirən cütlük ölkəmizin özünəməxsus özəlliklərinin onlarda xoş təəssüratlar oyatdığını bildiriblər: “Azərbaycanı gənc və dinamik ölkə kimi gördük. Burada bütün qurumların fəallıq göstərmələri bizi sevindirdi. Biz olduğumuz digər ölkələrdə bunu görə bilmədik. Fransada bu qədər dinamiklik və gənclik yoxdur. Azərbaycan idman sahəsində çox böyük işlər görür. Bunu hər ölkədə görmək olmur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara da böyük diqqət göstərilir”.

E.Sançis mətbəximizin zəngin olduğunu və əsasən, ətdən hazırlanmış təamların xüsusilə özünəməxsusluğu ilə seçildiyini, piti, qutab və kababı daha çox bəyəndiklərini söyləyib: “Azərbaycanda müxtəlif yeməklərdən dadmışıq. Kabab Azərbaycanda fərqli dada malikdir. Velosipedlə səyahət etmək maraqlıdır, biz daha çox insanla rastlaşırıq. Bizə Bakıda kömək edən bütün təşkilatçılara təşəkkür edirik”.

O, bu gün muğam konsertinə də dəvət aldıqlarını, sonra isə uşaqlar evində kimsəsiz uşaqlarla vaxt keçirəcəklərini vurğulayıb: “Üç həftədir ki, Azərbaycandayıq. Buranı sevinclə və xoş təəssüratlarla tərk edəcəyik".

Devi Sançis Fransanın bəzi ölkələrlə siyasi əlaqələrinin zəif olmasının səfərlərinə mane olmadığını və məqsədlərinin siyasətdən uzaq olduğunu söyləyib.

Səyyah mayın 17-də Bakıdan gəmi ilə Qazaxıstana, daha sonra velosipedlə Asiya ölkələrinə keçməyi planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, Devi və Emilie Sançis 2022-ci il aprelin 29-da Gürcüstandan Azərbaycana keçib və mayın 7-də Bakıya çatıblar.

Xəbər 347 dəfə oxundu.