Anar Allahverdiyev: Premyer Liqa turnirində medal qazanan gənc karateçimizə böyük ümidlər bəsləyirik
Mərakeşin Rabat şəhərində böyüklər arasında keçirilən Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanan gənc idmançımız Əminağa Quliyevə (60 kq) böyük ümidlər bəsləyirik. Gənclərdən ibarət yığmanın lideri böyüklər arasında keçirilən mötəbər turnirdə medal qazanmaqla bir daha sübut etdi ki, güclü potensiala malikdir

O, qeyd edib ki, Premyer Liqa yarışı ən güclü turnirlərdən biridir və burada, yalnız dünya reytinqində “Top-100”lükdə qərarlaşan idmançılar iştirak edə bilər. Onlardan da hər çəki dərəcəsində 32-si yarışa dəvət alır. Dairəvi sistem üzrə keçirilən turnirdə ilkin mərhələdə karateçilər qruplar üzrə mübarizə aparırlar və ən güclü idmançılar növbəti - dörddəbir mərhələyə vəsiqə qazanırlar.

A.Allahverdiyev turnirdə iştirak edən gənc karateçilərimiz, 60 kiloqram çəki dərəcəsində çıxış edən Əminağa Quliyevin respublika çempionu, Sultan Hüseynovun isə 3-cü yerin sahibi olduğunu bildirib: “Yarış həm böyüklər, həm də gənclər arasında keçiriləcək Avropa çempionatlarına seçim xarakteri daşıdığı üçün xüsusi əhəmiyyətə malik idi. Hər iki gənc karateçimizin turnirdə yüksək əyarlı medal qazanmaq şansı böyük idi. İlk görüşlərdən əzmkarlığı nəticəsində yarımfinala qədər irəliləyən Ə.Quliyev digər idmançımızı məğlub edən mərakeşli idmançı ilə qarşılaşmasında xal hesabı bərabər olduğundan hakimlərin rəyi ilə qələbə rəqibə verildi. Bürünc medal uğrunda isə Əminağa Sultana qalib gələrək üçüncü yeri tutdu. O, mayın 25-29-da Türkiyənin Qazantəpə şəhərində, iyunun 17-19-da isə Çexiyanın Praqa şəhərində yeniyetmə və gənclərin Avropa çempionatlarına vəsiqə qazanıb. Əminağa Quliyev həm gənclər, həm də böyüklərdən ibarət yığma komandaların bir nömrəli idmançısı sayılır”.

Məşqçi qeyd edib ki, Ə.Quliyev ikinci gənc idmançıdır ki, böyüklər arasında mötəbər turnirdə yüksək nəticə əldə edib. Belə ki, bundan əvvəl gənclərdən ibarət yığma komandanın digər üzvü Fərid Ağayev (75 kq) aprel ayında keçirilmiş Premyer Liqa yarışının finalına yüksəlmişdi və nəticədə gümüş medal qazanıb.

A.Allahverdiyev hər iki idmançının gənclər arasında Avropa çempionatının qalibi olduğunu, Əminağanın isə ikiqat Avropa çempionu titulunu qazandığını vurğulayıb. O, idmançıdan bu il də gənclərin, eləcə də, böyüklərin Avropa çempionatından qızıl medal gözlədiyini bildirib. A.Allahverdiyev karateçinin hazırda böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Qurban Tağıyevin rəhbərliyi altında hazırlaşdığını deyib.

Xəbər 371 dəfə oxundu.