Qurban Qurbanov: Balansı qoruyub-saxlayırıq
Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Bir az həyəcanlı olduqları hiss olunurdu. Həm də istəkli idilər. Gənclərin demək olar ki, hamısının əzələlərində problem yarandı. Bu da həyəcan və yüklənmədən irəli gəlir.

Bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Əlli yaşlı mütəxəssis sonuncu - XXVIII turda yerli və gənc oyunçulara şans vermək planının olmadığını bildirib. "Mövsümün sonuna yaxın futbolçuları öz formalarından tam uzaqlaşdırmaq da olmaz. Özünüz də görürsünüz, hər matçda rotasiyalar edirdim ki, oyun praktikası itirilməsin. Gələn matçda az oynayan futbolçular meydanda olacaqlar. Balansı qoruyub-saxlayırıq. 12 nəfəri çıxmaq şərtilə, futbolçular yetərincə şans qazanırlar. Gənclər U-21-in heyətində də meydana çıxırlar", - deyə məşqçi qeyd edib.

Təcrübəli baş məşqçi "Neftçi"yə qarşı son tur matçına eyni heyətlə çıxmayacaqlarını vurğulayıb: "Başqa dəyişikliklər olacaq. Bu gün Marko Veşoviçə istirahət verdim. Abbas Hüseynovda isə zədə var, lakin kubokun finalına çata bilər. Hələ məşqlərə başlamayıb. Yəqin, "23-lük" olacaq. Lakin meydana çıxacağına inanmıram. Qəbələyə final matçından bir gün əvvəl yollanacağıq”.

Xəbər 257 dəfə oxundu.