Türkiyəli idmançı: Bakı marafonunda qadınlar arasında yarışda ikinci olmaq mənim üçün böyük uğurdur
Qardaş ölkə Azərbaycanda keçirilən marafonda nəticəm daha yaxşı ola bilərdi. Hava şərtləri mənim qaçışıma təsir etdi. Odur ki, bir az çətin oldu. Ona görə yarışda ikinci sırada yer aldım. Lakin bu da mənim üçün böyük uğurdur. Bakı marafonunda qadınlar arasında finiş xəttinə ikinci çatdığım üçün çox şadam.

“Bakı Marafonu-2022”də qadınlar arasında yarışda fəxri kürsünün ikinci pilləsində qərarlaşan türkiyəli Dilek Öztürk söyləyib.

Türkiyəli idmançı deyib: “Bakı marafonunda 1 saat 13 dəqiqə nəticə göstərmişəm. Türkiyədə dörd-beş dəfə əvvəllər yarımarafonda qaçmışam. Bu il və keçən il ərzində Türkiyədə müxtəlif marafonlarda iştirak etmişəm. Marafonlardan birində 10 kilometr məsafəni 34 dəqiqəyə qaçmışam. Beş min metr məsafəni isə 16 dəqiqə 51 saniyəyə qət etmişəm”.

Əslən Türkiyənin Ağrı şəhərindən olduğunu bildirən atlet hazırda Diyarbəkirdə universitetdə təhsil aldığını deyib: “Gələn il yenə Azərbaycana gəlməyi və marafonda iştirak etməyi planlaşdırıram. Gələcəkdə Türkiyədə və Avropada bir çox yarışlarda iştirak edəcəyəm”.

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

Xəbər 464 dəfə oxundu.