Daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş keçirilib
Mayın 14-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş keçirilib.

Azneft meydanından startı verilən veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, daun sindromlu uşaqlara dəstək məqsədilə "Bike Up&Down" layihəsini yaradaraq dünyanın bir çox ölkələrinə velosipedlə səfər edən fransalı cütlük Devi və Emilie Sançis, paravelosipedçilər və həvəskar idmançılar iştirak ediblər. Veloyürüş iştirakçıları Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.

Tədbir başa çatdıqdan sonra yürüş iştirakçıları xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, Devi və Emilie Sançis 2022-ci il aprelin 29-da Gürcüstandan Azərbaycana keçib və mayın 7-də Bakıya çatıblar.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə qonaqlar burada bir çox görüşlər keçirib, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan şəraitlə tanış olublar. Onlar, həmçinin “Ocaq” Gimnastika İdman Klubunda olub, Respublika Olimpiya Mərkəzində Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi atletika üzrə yarışda iştirak ediblər.

Mayın 15-də cütlük Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu-2022”də iştirak etdikdən sonra Qazaxıstana yola düşəcək.

Xəbər 472 dəfə oxundu.