Taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçirilir
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Bakı açıq birinciliyi start götürüb.

Yarışın açılış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanın və idmanımızın dünyada tanıdılmasında Ümummilli Liderin əvəzsiz rolundan danışıb. Taekvondonun ölkəmizdə inkişaf etdiyini vurğulayan idarə rəisi bunun sayəsində Avropa, dünya və Olimpiya mükafatçılarımızın yetişdiyini xatırladıb.

Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev açılış mərasiminə Ümumdünya Taekvondo Federasiyasının nümayəndələrinin qatılmasına diqqət çəkib. O vurğulayıb ki, məhz ulu öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı yüksək səviyyəyə çatıb və beynəlxalq yarışlar bizə həvalə edilir.

Azərbaycan Taekvondo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 500-dən artıq uşaq, yeniyetmə və gənc mübarizə aparır. Reqlamentə əsasən, 2 gün keçiriləcək yarışda hər 3 yaş qrupunda 20 (10 oğlan, 10 qız) çəki dərəcəsində qaliblər bəlli olacaq.

Xəbər 459 dəfə oxundu.