Badmintonçular arasında keçirilən respublika birinciliyinin qalibləri məlum olub
Bakı şəhəri 1 saylı idman liseyində 2008-2009-cu təvəllüdlü badmintonçular arasında respublika birinciliyinə yekun vurulub.

Beş kateqoriya üzrə keçirilən turnirdə ümumilikdə 78 iştirakçı yarışıb. Turnirdə Bakı ilə yanaşı Gəncə və Siyəzəndən olan badmintonçular medallar uğrunda mübarizə aparıblar.

Birinci yeri oğlanlar arasında şəxsi yarışlarda Ülvi Hüseynov, qızlarda isə Əminə İsmayılova tutub. Oğlanlar arasında keçirilən qoşa yarışlarda Emil Akçurin, Ülvi Hüseynov cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızlar arasında keçirilən yarışda Əminə İsmayılova, Nərmin Hüseynova cütlüyü, qarışıq qoşa yarışlarda isə Ülvi Hüseynov, Nərmin Hüseynova birinci yerə layiq görülüblər.

Sonda Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbər 327 dəfə oxundu.