Stolüstü tennis üzrə xatirə turniri keçiriləcək
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə mayın 7-8-də Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turniri keçiriləcək.

Yarışda veteran idmançılar bacarıqlarını göstərəcəklər. “Şüa” İdman-Sağlamlıq Kompleksində keçiriləcək turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.

Yarış şəxsi və qoşa proqramlar üzrə beynəlxalq stolüstü tennis qaydalarına əsasən təşkil olunacaq. Kişilər 40-49, 50-59, 60-64, 65 yaş və yuxarı, qadınlar isə 30-39, 40-49, 50 yaş və yuxarı yaş qruplarında mübarizə aparacaqlar.

Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılacaqlar.

Xəbər 298 dəfə oxundu.