Azad olunmuş torpaqlarda keçiriləcək beynəlxalq yarışın ilk qonaqları Bakıya gəlib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına iki gün qalıb. Artıq iştirakçı ölkələrdən olan Özbəkistan komandası bu gün Bakıya gəlib.

Qonaqlar Heydər Əliyev adına Beynəlxalq Aeroportda böyük coşqu ilə qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Özbəkistan komandasını salamlayıb və onlara yarış haqqında məlumat veriblər. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.

Qeyd edək ki, Özbəkistan Prezident Kubokunda 5 idmançı ilə mübarizə aparacaq. Yarışlar iki gün davam edəcək. Reqata mayın 6-da Suqovuşanda start götürəcək. Yarışın ilk günündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-də isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaqlar.

Prezident Kubokuna ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Xəbər 548 dəfə oxundu.