Arif Rəhimov: Builki Formula 1 Azərbaycan Qran-Prisi daha maraqlı olacaq
Bu il COVID-19 ilə bağlı hansısa problemimizin olacağını gözləmirik. Bakıda Formula 1 yarışı 2020-ci ildə keçirilmədi, 2021-ci ildə isə tamaşaçısız təşkil edildi. İndi bütün tədbirlər, xüsusən də idman yarışları yenidən əvvəlki kimi keçirilir. İnsanlar evdə oturmaqdan yorulublar və əsl tamaşa istəyirlər. Bakıda hamının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik və iyunda azarkeşləri səbirsizliklə gözləyəcəyik.

Bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “F1 News” idman portalına müsahibəsində deyib.

O bildirib ki, hələlik alınan biletlərin 60 faizi xarici azarkeşlərin payına düşür. 2019-cu illə müqayisədə bu il ölkə daxilində daha çox bilet satılıb. Təəccüblü deyil ki, xarici azarkeşlər biletləri daha əvvəl alırlar. Çünki onlar aviabilet almalı, otel sifariş etməlidirlər. Turistlərin Azərbaycana, Bakıya qayıtması çox gözəldir. Bu il Qran-Pri iyunda havanın mükəmməl, isti və günəşli olduğu bir vaxtda keçiriləcək. Əminik ki, yarış həftəsonu başlamazdan əvvəl bütün biletləri sata biləcəyik.

Arif Rəhimov Azərbaycan Qran-Prisinin son illərdə təqvimdə ən populyar yarışlardan birinə çevrilməsinin səbəblərini açıqlayıb: “Əvvəlki beş Azərbaycan Qran-Prisinin hər birində qaliblər fərqli olublar. Əminəm ki, bu il də yeni qalib görəcəyik. Formula 1-in Bakı mərhələsi hər il hamını təəccübləndirir. Belə ki, 2017-ci ildə Sebastian Fettel və Luis Hamiltonun, yaxud növbəti ildə “Red Bull Racing” pilotlarının toqquşmasını xatırlayaq. Maks Ferstappenin trasdan çıxdığı və yarışın taleyinin son döngələrdə həll olunduğu ötənilki hadisəni yada salaq. Azarkeşlər bilirlər ki, Azərbaycan Qran-Prisi nəticə etibarı ilə mövsümün ən gözlənilməz yarışıdır. Bu il Bakıda keçiriləcək Formula 1 üzrə Qran-Pri yarışının daha maraqlı olacağını düşünürəm”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10–12-də keçiriləcək.

Xəbər 249 dəfə oxundu.