Azərbaycan üzgüçüləri lisenziya xarakterli beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan üzgüçüləri aprelin 29-dan mayın 1-dək Çexiyanın Ostrava şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Yarış bu il Budapeştdə, gələn il isə Fukoukada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayacaqlar. Yarışda Azərbaycan yığma komandasını yeni tərtib olunmuş cədvələ uyğun normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək.

Üzgüçülük üzrə yığmanın baş məşqçısı Rəşad Əbdürrəhmanov deyib ki, komanda yarışa əzmlə hazırlaşıb: “Turnir komandamızın dünya çempionatına lisenziya qazanması baxımından çox önəmlidir. Ümid edirik ki, üzgüçülərimiz bu yarışda göstəricilərini daha da yaxşılaşdıraraq finala vəsiqə qazanacaqlar. Turnirdə çox güclü idmançılar iştirak edəcəklər. Çalışacağıq ki, Azərbaycan üzgüçüləri ən yaxşı nəticələr göstərənlər sırasında olsunlar”.

Milli komanda artıq Çexiyadadır və məşqləri davam etdirir.

Xəbər 337 dəfə oxundu.