Tələbələrin təhsildən kənar əyləncə proqramının açılış mərasimi keçirilib
Aprelin 27-də Respublika Olimpiya Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “FunniFy - tələbələrin təhsildən kənar əyləncə proqramı”nın açılış mərasimi keçirilib.

Proqramın məqsədi tələbələrin idman oyunlarında əyləncəli iştirakını təşkil etmək, tələbələr üçün idman və kompüter oyunlarını, eləcə də fərdi bacarıq tələb edən oyunların fərqli və daha əyləncəli şəkildə təqdimatıdır. Həmçinin tələbələrin asudə vaxtlarında sağlam həyat tərzinə üstünlük verməsini və həyata keçirilən layihələrə cəlb olunmasını təmin etməkdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva və ATGTİ-nin sədri Pərviz Mirələmli, ATGTİ-nin Təlimlərlə iş üzrə meneceri, “FunniFy” proqramının rəhbəri Eldar Qurbanov iştirak ediblər.

Təqdimat mərasimindən sonra tələbələrin iştirakı ilə proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan müxtəlif idman oyunları nümayiş olunub.

Proqramın yaxın illərdə bütün Azərbaycan üzrə icra olunması planlaşdırılır.

Xəbər 271 dəfə oxundu.