Stolüstü tennisçilərimiz təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yollanıblar
Stolüstü tennis üzrə milli komandamız İslam Həmrəyliyi Oyunlarına hazırlığa başlayıb.

Təmsilçilərimiz hazırlıq çərçivəsində keçiriləcək təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yollanıblar. Türkiyənin Yalova şəhərində təşkil olunan hazırlıq prosesində Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcəklər.

Komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda daha sonra hazırlıq proqramına əsasən, digər toplanışlara qatılacaq. Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları avqustun 9-18-də Türkiyənin Konya şəhərində təşkil olunacaq.

Xəbər 294 dəfə oxundu.