Avropa birinciliyinin ikinci günündə iki boksçumuz rinqə çıxacaq
Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir.

Yarışın ikinci günündə - aprelin 15-də iki boksçumuz mübarizə aparacaq. Belə ki, on altıdabir finalda Zaur Qəhrəmanov (63,5 kq) Antoni Makdonnel (İrlandiya), Aslan Quliyev (60 kq) Aleksandr Yarovyı (Ukrayna) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, turnirin birinci günündə komandamızın heyətində ilk olaraq mübarizəyə qoşulan Daniel Xolostenko (71 kq) moldovalı Andrey Osiyevsçi (Moldova) vaxtından əvvəl və tam üstünlüklə məğlub edib. Millimizin digər üzvü Səid Abdullayev (67 kq) isə Samuel Quqliotta (İtaliya) ilə gərgin keçən döyüşdə 3:2 hesablı qələbə qazanaraq səkkizdəbir finala vəsiqə qazanıb.

Avropa birinciliyində 39 ölkədən 400-dən artıq boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb. Yarışın qaliblərinin adlarına aprelin 21-də aydınlıq gələcək.

Xəbər 462 dəfə oxundu.