Stolüstü tennis üzrə Azərbaycan birinciliyi: Komanda yarışlarının qalibləri müəyyənləşib
Azərbaycan Stolüstü Tennis Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənc idmançılar arasında keçirilən Azərbaycan birinciliyində komanda yarışları başa çatıb.

2004-2006-cı il təvəllüdlü qızların və oğlanların yarışında “Bakı” komandası birinci yeri tutub. Qızların yarışında ikinci yerdə “Şəki”, üçüncü pillədə isə “Sumqayıt” və “Şabran” yığmaları qərarlaşıblar. Oğlanların mübarizəsində isə ikinci yerə “Sumqayıt” komandası sahib olub. Salyan və Şəkinin stolüstü tennisçiləri 3-cü yeri tutublar.

Turnirdə 2007-ci il və daha azyaşlı idmançıların mübarizəsinə də yekun vurulub. Qızların komanda yarışında “Sumqayıt–1” kollektivi qələbə qazanıb. “Sumqayıt-2” ikinci, “Sumqayıt–3” və “Şabran” komandaları fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Oğlanların turniri isə “Bakı-1” komandasının qələbəsi ilə başa çatıb. “Sumqayıt -1” ikinci yerlə kifayətlənib. “Bakı-2” və “Şabran” komandaları üçüncü pillədə qərarlaşıblar.

Aprelin 16-dək davam edəcək birinciliyin növbəti günlərində şəxsi, qoşa və qarışıq-qoşa yarışlarda qaliblər müəyyənləşəcək.

“Şüa” İdman–Sağlamlıq Kompleksində keçirilən və kütləviliyi ilə seçilən birinciliyə paytaxt tennisçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Qusar, Şabran, Salyan, Şirvan, Şəki, Qax, Balakən, Ağstafa, Gədəbəy, Zərdab və Samuxdan, ümumilikdə 150-yə yaxın idmançı qatılıb.

Yarışda fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər, həmçinin seçmə komandaların heyətinə cəlb olunaraq beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Xəbər 568 dəfə oxundu.