Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək
Aprelin 19-dan 22-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yeniyetmələrin ölkə birinciliyi COVID-19 pandemiyası ilə əlaqədar üçillik fasilədən sonra baş tutacaq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq çempionatın keçirilməsində məqsəd güləşin təbliği, bu idman növündə kütləviliyə nail olmaq və qarşıdan gələn mühüm beynəlxalq yarışlar ərəfəsində müvafiq milli komandaların heyətinin yenidən formalaşdırılmasıdır. Beynəlxalq və milli dərəcəli hakimlərimizin idarə edəcəyi yarışın medalçıları U-17 yaş qrupu üzrə yığma komandaların heyətinə cəlb olunacaq.

Görüşlər hər gün saat 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 16:30-da start götürəcək. Yarışın təntənəli açılış mərasimi aprelin 19-da saat 16:00-da başlayacaq.

Xəbər 253 dəfə oxundu.