Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə 150-yə yaxın idmançı qatılıb
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Stolüstü Tennis Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda yeniyetmə və gənc idmançılar bacarıqlarını göstərirlər.

“Şüa” İdman–Sağlamlıq Kompleksində keçirilən yarışın açılış mərasimində iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayevin salamını çatdıran qurumun baş katibi Könül Mikayılova və vitse-prezidenti Elmar İslam onlara uğurlar arzulayıb.

Kütləviliyi ilə seçilən birinciliyə paytaxt tennisçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Qusar, Şabran, Salyan, Şirvan, Şəki, Qax, Balakən, Ağstafa, Gədəbəy, Zərdab və Samuxdan ümumilikdə 150-yə yaxın idmançı qatılıb. Budəfəki yarışlar şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçirilir.

Federasiyanın baş katibi Könül Mikayılovanın sözlərinə görə, yarışın təşkilində əsas məqsəd stolüstü tennisin təbliği, kütləviliyinin artırılması, perspektivli idmançıların üzə çıxarılması, ümumilikdə bu idman növünün inkişafına töhfə verməkdir.

Şüa” İdman–Sağlamlıq Kompleksində 4 gün davam edəcək ölkə birinciliyinə aprelin 16-da yekun vurulacaq.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər, həmçinin seçmə komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Xəbər 551 dəfə oxundu.