İtaliyanın qrup hərəkətləri komandası 3 lent və 2 top ilə yarışda bütün rəqiblərini qabaqlayıb
Bədii gimnastika üzrə dünya kuboku yarışları çərçivəsində qrup hərəkətlərində Azərbaycan komandası 3 lent və 2 top ilə proqramda beşinci olub.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komandamızın final çıxışı 24,750 xalla qiymətləndirilib.

İtaliya komandası 30,400 xalla qızıl, Yaponiya 28,250 xalla gümüş, Qazaxıstan gimnastları isə 26,650 xalla bürünc medal qazanıblar. Azərbaycanın qrup hərəkətləri komandası 5 halqa ilə yarışda qızıl medalın sahibi olub. Təmsilçilərimiz çoxnövçülük yarışlarında isə ikinci pillədə yer alıblar.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına “AGF Trophy” kuboku da təqdim olunacaq.

Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 477 dəfə oxundu.