Azərbaycanın qrup hərəkətləri üzrə komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında Azərbaycan ilk medalını qazanıb.

Qrup hərəkətləri üzrə Azərbaycan komandası 63,650 xalla çoxnövçülükdə gümüş medala sahib olub.

İtaliya komandası qızıl, İsrail gimnastları isə bürünc medal qazanıblar.

Gimnastlarımız 3 lent və 2 topla hərəkətlərdə 30,600 xala layiq görülüb. Yığma ötən gün 5 halqa ilə 33.050 xal əldə edib.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Aprelin 24-dək davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır.

Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 221 dəfə oxundu.