“Neftçi” komandası kişi voleybolçular arasında “Zəfər kuboku”na sahib çıxıb
Aprelin 23-də kişi voleybolçular arasında “Zəfər kuboku” uğrunda turnirin final oyunu keçirilib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunan turnirin “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən final matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən həlledici görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələn “Neftçi” komandası “Zəfər kuboku”nun qalibi adını qazanıb.

“Zəfər kuboku” turnirinin final oyunundan sonra bağlanış mərasimi keçirilib.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Vətən müharibəsi qəhrəmanı Zaur Mirzəyev Qarabağ Zəfərinin tariximizin ən şanlı səhifəsi olduğunu bildiriblər. Qeyd edilib ki, Vətən müharibəsində ədalətin Azərbaycanın tərəfində olması, 20 faiz torpağımızın 30 ilə yaxın işğal altında qalmasına baxmayaraq xalqımızın bu haqsızlığı unutmaması, yurd, od-ocaq sevgisi, Ali Baş Komandan İlham Əliyevin ərazilərimizin geri qaytarılması istiqamətində yürütdüyü müdrik siyasət, xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşməsi tarixi Zəfərimizi gerçəkləşdirdi.

Çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunan “Zəfər kuboku”nun maraqlı mübarizə şəraitində keçdiyini, qələbə uğrunda komandaların əzmlə mübarizə apardıqlarını vurğulayıblar.

Sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənən komandalar mükafatlandırılıblar.

Turnirin yüksək səviyyədə təşkilinə görə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə və “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudova minnətdarlıq ifadə edilib.

Aprelin 22-də start götürən yarışda yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Neftçi”, “Murov”, “Sərhədçi” və MOİK komandaları iştirak ediblər.

Xəbər 256 dəfə oxundu.