Azərbaycan gimnastı Arzu Cəlilova növbəti dəfə dünya kuboku yarışlarının finalına vəsiqə qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda lentlə yarışın finalçıları müəyyənləşib.

Təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan gimnastlar finala adlayıblar. Belə ki, medallar uğrunda Azərbaycan gimnastı Arzu Cəlilova ilə yanaşı, bolqarıstanlı Boryana Kaleyn, israilli Daria Atamanov, Asya Adi Katz, İtaliya təmsilçiləri Milena Baldassarri, Sofia Raffaeli, Sloveniya təmsilçisi Yekaterina Vedeneeva və ABŞ idmançısı Evita Qriskenas mübarizə aparacaqlar.

A.Cəlilova halqa və top ilə final yarışlarında da mübarizə aparacaq.

Digər təmsilçimiz Zöhrə Ağamirova təsnifat mərhələsini 13-cü pillədə başa vurub.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Aprelin 24-dək davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 232 dəfə oxundu.