Azərbaycanın qrup hərəkətləri üzrə komandası dünya kuboku yarışlarında 3 lent və 2 topla proqramını icra edib
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamız Bakıda keçirilən dünya kuboku yarışlarında 3 lent və 2 topla proqramını icra edib.

Komandamızın təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 30,600 xalla qiymətləndirilib.

Qrup komandamız hazırda birinci pillədə qərarlaşıb.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Aprelin 24-dək davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 280 dəfə oxundu.