Azərbaycan təmsilçisi Arzu Cəlilova dünya kuboku yarışlarında lentlə çıxışını təqdim edib
Azərbaycan təmsilçisi Arzu Cəlilova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında lentlə çıxışını təqdim edib.

Gimnastımızın çıxışına hakimlər 29,750 xal veriblər. Hazırda idmançımız təsnifat mərhələsində dördüncü pillədə qərarlaşıb.

İlk üçlükdə bolqarıstanlı Boryana Kaleyn (29,950 xal), israilli Daria Atamanov (29,950 xal) və İtaliya gimnastı Sofia Raffaeli (29,900 xal) yer alıblar.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 466 dəfə oxundu.