Latviya gimnastı: 2019-cu ildə Bakıda keçirilmiş dünya çempionatını karyeramda ən yaddaqalan yarışlardan biri kimi xatırlayıram
İndiyədək 2019-cu ildə Bakıda keçirilmiş dünya çempionatını xatırlayıram. Bu, mənim karyeramda ən yaddaqalan yarışlardan biri idi.

"Bu, mənim Bakıda beşinci çıxışımdır. Burada həmişə böyük məmnuniyyətlə çıxış edirəm. Bakıda çox gözəl şərait var və yarışlar qeyri-adi təşkil olunur", - deyə Y.Polstyanaya bildirib.

Dünya kubokundakı çıxışından danışan latviyalı gimnast öz proqramını qüsurlarla yerinə yetirdiyini deyib: "Halqa ilə hərəkətlərdə səhvə yol verdim. İndi mövsümün əvvəlidir. Bu, mənim ikinci çıxışımdır və bu mərhələdə səhvlər normaldır. Əsas Avropa çempionatına optimal formada yaxınlaşmaqdır".

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır.

Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 244 dəfə oxundu.