Nurlana Məmmədzadə: Gimnastlarımızın dünya kubokunda uğurla çıxış edəcəklərini gözləyirik
Azərbaycan gimnastlarının Bakıda dünya kubokunda məşq zamanı əldə etdikləri uğurları layiqincə nümayiş etdirəcəklərini gözləyirik.

Bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə jurnalistlərə müsahibəsində deyib.

“Yeni Olimpiya dövründə qaydalar dəyişib və bütün gimnastlar öz hərəkətlərini bu dəyişikliklərə uyğun təqdim edirlər. Fərdi proqramda çıxış edən Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova müəyyən təcrübəyə malik gimnastlardır. Zöhrə Ağamirova 2019-cu il Yay Universiadasının gümüş, Arzu Cəlilova gənclər arasına dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Biz onların məşq zamanı qazandıqları uğurları layiqincə nümayiş etdirəcəklərini gözləyirik”, - deyə N.Məmmədzadə bildirib.

Baş katib əlavə edib ki, dünya kuboku Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci və tamaşaçıların iştirakı ilə keçirilən 2-ci beynəlxalq yarışdır: “Dünya kubokunun birinci günündə təsnifat mərhələləri keçirilir. Sabah - yarışların ikinci günündə fərdi gimnastlar və qruplar arasında çoxnövçülükdə qaliblər müəyyənləşəcək. Yarışların üçüncü – sonuncu günündə ayrı-ayrı növlərdə finallar baş tutacaq”.

Xəbər 274 dəfə oxundu.