Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyunları təşkil olunub
Həndbol üzrə Azərbaycan çempionatları davam edir.

Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışın növbəti oyun günündə meydançaya əvvəlcə kişilərdən ibarət "Məhsul" və "Bakı" komandaları çıxıblar. Gərgin idman mübarizəsi vəd edən görüşdə çempionatın liderinə bəslənən ümidlər özünü doğruldub. "Məhsul"un ciddi müqavimətinə rəğmən sonadək yüksək əzmkarlıq göstərən "Bakı" matçı qələbə ilə başa vurub – 28:25.

U-18 İdman Akademiyası - "Təhsil" görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. Oyuna qələbə əzmi ilə çıxan "tələbələr" çətinliklə də olsa tapşırığı yerinə yetiriblər. Oyun 27:25 hesabı ilə başa çatıb.

"Gənclər Birliyi" - U-16 matçında nominal qonaqların imkanları yüksək qiymətləndirilirdi. Bütün oyun boyu təşəbbüsü əldən verməyən U-16 komandası bu cür düşünənlərin yanılmadığını inamlı qələbə ilə sübut edib - 32:17.

Qadın həndbolçuların yarışında da növbəti turun görüşləri favoritlərin üstünlüyü ilə yadda qalıb. "Qarabağ" - "İdman Akademiyası" matçında rəqibi əksər komponentlərdə geridə qoyan "Qarabağ" 28:18 hesablı qələbə qazanıb.

"Azərsu" - "Azəryol" qarşılaşmasında isə çempionatın əsas favoriti pərəstişkarlarını sevindirib. "Azərsu" həndbolçuları daha keyfiyyətli oyun nümayiş etdirən rəqibin qarşısını almaqda çətinlik çəkiblər - 12:32.

Xəbər 279 dəfə oxundu.