Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş kikboksinq yarışı keçirilib
Suraxanı Rayon İcra Hakimiyyəti, rayonun gənclər və idman idarəsi, Azərbaycan Kikboksinq Federasiyası və “Vətən” klubunun birgə təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş kikboksinq üzrə yarış keçirilib.

Yarışın açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü Həsən Huseynov, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, kikboksinq üzrə gənclərdən ibarət yığmanın baş məşqçisi Hikmət Hacıyev qeyd ediblər ki, Azərbaycan xalqının birliyinin, qələbəyə inam hissinin rəmzi olan Aprel döyüşlərinin bütün dünyaya ölkəmizin qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağını bəyan etmişdi. Bildirilib ki, Aprel döyüşləri böyük Zəfərin başlanğıcı kimi tariximizə yazılıb, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünü nümayiş etdirib.

Daha sonra yarışa start verilib. Bakı şəhəri və respublikanın rayonlarından, ümumilikdə 310 uşaq, yeniyetmə və gənc idmançının qatıldığı turnir maraqlı idman mübarizəsi şəraitində keçib.

Yekun nəticələrə görə fərqlənən idmançılar təltif ediliblər.

Xəbər 322 dəfə oxundu.