Kişi voleybolçular arasında Azərbaycan birinci liqasına yekun vurulub
Kişi voleybolçular arasında Azərbaycan birinci liqası başa çatıb.

Bu gün baş tutan həlledici görüşlərdə əvvəlcə bürünc medalçının adına aydınlıq gəlib. Üçüncü yer uğrunda görüşdə “Murov-2” və “Masallı" üz-üzə gəlib. Matç gənclərdən ibarət birincilərin üstünlüyü ilə başlayıb. İlk setdə 25:21 ilə qalib gələn “Murov-2” ikinci hissədə 20:25 hesabı ilə məğlub olub. Gənclər üçüncü setdə 25:22 hesabı ilə qalib gəlsələr də, dördüncü hissədə yenidən “Masallı" status-kvonu bərpa edib - 25:20. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi tay-brekdə müəyyən olunub. Sonuncu setdə daha az səhv edən “Murov-2” hissəni 18:16 hesabı ilə qazanaraq matçın qalibi olub - 3:2.

“Murov” voleybol klubunun idman zalında təşkil olunan finalda isə “Azərbaycan Ali Hərbi Məktəb” “Təhsil”lə qarşılaşıb. Qızıl medal uğrunda gedən mübarizənin də qalibini tay-breyk müəyyən edib. Beləliklə, rəqibə qalib gələn “Təhsil” komandası l liqanın çempionu tituluna yiyələnib. “Azərbaycan Ali Hərbi Məktəb” gümüş medalın sahibi, “Murov-2” isə çempionatın bürünc mükafatçısı olub. Komandaların mükafatlandırma mərasimi Super və Yüksək Liqa yarışlarının qalibləri ilə eyni vaxtda olacaq.

Qeyd edək ki, birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” mübarizə aparıb.

Xəbər 478 dəfə oxundu.