Azərbaycan Yüksək Liqasında 2021/2022-ci il mövsümünə yekun vurulub
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/2022-ci il mövsümünə yekun vurulub.

4 dövrəlik çempionatın sonuncu - XX turunun oyunları aprelin 20-də “Murov” voleybol klubunun idman zalında təşkil olunub.

Günün ilk matçı “Neftçi” və “Murov” komandaları arasında olub. Görüşün qalibi tay-brekdə müəyyənləşib. “Murov”u 3:2 (26:24, 25:17, 27:29, 20:25, 15:12) hesabı ilə məğlub edən “Neftçi” çempionatı qələbə ilə başa vurub.

Turun və mövsümün son matçında isə “Sərhədçi” MOİK-lə üz-üzə gəlib. Oyun “Sərhədçi”nin 27:25 hesablı üstünlüyü ilə başlasa da, MOİK sonrakı setlərdə qalib gəlib - 25:12, 25:23, 25:13. Rəqibini 3:1 hesabı ilə məğlub edən Eldar Əliyevin komandası son duelindən 3 xalla ayrılıb.

Beləliklə, “Murov” 42 xalla Yüksək Liqanın çempionu tituluna yiyələnib. Onlardan 5 xal az toplayan “Neftçi” gümüş medala sahib olub. MOİK isə 28 xalla “üçlüy”ü qapayıb. Altı xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” dördüncü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.

İlk “üçlük”də yer alan klublara medal və diplomlar aprelin 23-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq 2021/2022-ci il mövsümünün bağlanış mərasimində təqdim ediləcək.

Xəbər 272 dəfə oxundu.