Bakı güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək
Dünya Güləş Birliyi (UWW) 2023-cü ildə keçiriləcək böyüklər arasında Avropa çempionatına və 2024-cü ildə təşkil olunacaq U-23 Avropa çempionatına ev sahibliyi edəcək şəhərləri açıqlayıb.

UWW-nin İcraiyyə Komitəsinin martın 2-də qəbul etdiyi qərarlar qüvvəyə minib. Gələn il aprelin 17-dən 23-dək qitə birinciliyi Zaqrebdə keçiriləcək. Xorvatiyanın paytaxtı ilk dəfə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.

UWW-nin prezidenti Nenad Laloviç qurumun rəsmi saytına verdiyi açıqlamada Xorvatiya Güləş Federasiyasını etibarlı tərəfdaş adlandırıb və Zaqrebin yarış təcrübəsinin zəngin olduğunu bildirib.
2024-cü ildə isə güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək.

“Bakının bu yarışa ev sahibliyi etməsi gələcəkdə beynəlxalq turnirlərin Azərbaycana qayıdacağından xəbər verir. Bakıda bu il yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Bu siyahıya U-23 Avropa çempionatının əlavə edilməsi onların təşkil etmək istədikləri böyük yarışların sayını artırır”, - deyə Nenad Laloviçi bildirib.
Qeyd olunub ki, Bakıda keçiriləcək U-23 Avropa çempionatı 2024-cü il aprelin 8-dən 14-dək davam edəcək.

Xəbər 264 dəfə oxundu.