Pəhləvanımız Ülvi Qənizadə qitə birinciliyini üçüncü pillədə başa vurub
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Çempionatın sonuncu günündə yunan-Roma güləşçimiz Ülvi Qənizadə milli komandamıza daha bir medal qazandırıb. Qitə birinciliyində 72 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Ü.Qənizadə dörddəbir finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabı ilə geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. İdmançımız yarımfinalda gürcü Şmaqi Bolkvadzey ilə qarşılaşıb və rəqib 4:1 hesabı ilə qalib gəlib. Güləşçimiz bürünc medal uğrunda görüşünə çıxıb. Litvalı Kristupas Sleyva ilə görüşdən 14:7 hesablı qələbə ilə ayrılan Ü.Qənizadə Avropa çempionatının bürünc medalını boynundan asıb.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar.
Sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala yiyələnib.

Xəbər 318 dəfə oxundu.