İki yunan-Roma güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Çempionatın altıncı günündə - aprelin 2-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. M.Məmmədov dörddəbir finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Təmsilçimiz yarımfinalda türkiyəli Kerem Kamalla qarşılaşacaq.
Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. H.Cəfərov dörddəbir finalda polşalı Mateuş Bernateklə üz-üzə gələcək.

Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Güləşçimiz dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabı ilə geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. Həmyerlimiz yarımfinalda gürcüstanlı Şmaqi Bolkvadzeylə qarşılaşacaq.
Rafiq Hüseynovun (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. Təmsilçimiz dörddəbir finalda macarıstanlı Tamaş Levayla üz-üzə gələcək.

Murat Lokyayev (97 kq) səkkizdəbir finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7.

Qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.

Xəbər 257 dəfə oxundu.