Avropa çempionatı: Daha bir qadın güləşçimiz mübarizəyə qoşulur
Macarıstanda təşkil edilən Avropa çempionatında bu gün Azərbaycanın qadın güləşçisi Elis Manolova mübarizəyə qatılacaq.

Təmsilçimiz 65 kiloqram çəki dərəcəsində B qrupunda gücünü sınayacaq. O, ilk görüşündə Tetyana Rijko (Ukrayna), daha sonra Viktoriya Vesso (Estoniya) ilə qarşılaşacaq. A və B qruplarında ilk iki yeri tutan güləşçilər yarımfinala vəsiqə qazanacaqlar.

Elis Manolova ilə yanaşı, qadın güləşçilərdən Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar. Onlar, müvafiq olaraq Polşa təmsilçisi Anna Lukasyak və Elene Hayke Brugger (Almaniya) ilə güclərini sınayacaqlar.

Qeyd edək ki, bundan əvvəl sərbəst güləşçilərimiz Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Yığma komandamız ümumi hesabda qalib adını qazanaraq Avropa çempionu olub.

Xəbər 331 dəfə oxundu.