Novruz bayramına həsr olunmuş "Poliqon" strateji intellekt oyunu keçirilib
Nəsimi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Könüllüləri Təşkilatı və UNEC Rəqəmsal Könüllülər Təşkilatının birgə təşkilatçılığı ilə universitetin tələbə-könüllüləri arasında Novruz bayramına həsr olunmuş “Poliqon” strateji intellekt oyunu keçirilib.

Tədbirin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, universitetin Könüllüləri Təşkilatının sədri İlham Əmrahov, Rəqəmsal Könüllüləri Təşkilatının sədri Əli Məmmədov Novruzun Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini ehtiva edən mədəniyyət hadisəsi olduğunu bildiriblər. Vurğulanıb ki, Novruz bayramı milli-mənəvi dəyərlərimizi yaşadan və bütün dünyaya nümayiş etdirən dövlət bayramı kimi çox yüksək səviyyədə qeyd olunur.

Daha sonra yarışa start verilib. Maraqlı və gərgin keçən turnirin nəticələrinə görə, "Qəzəlxan" komandası birinci yeri tutub. "Fidelio" ikinci, "On üç" komandası isə üçüncü yerə layiq görülüblər.
Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

Tədbirin təşkilində yüksək fəallıq nümayiş etdirən bir qrup könüllüyə isə təşəkkürnamələr verilib.


Xəbər 280 dəfə oxundu.