Mariana Vasileva: Bədii gimnastika üzrə Azərbaycan çempionatı FIG-in yeni qaydaları əsasında keçirilir
Uzunsürən pandemiyadan sonra ilk dəfədir bədii gimnastika üzrə yerli yarış keçirilir. Bu, bəzi gimnastlar üçün bayram, bəziləri üçün isə həyəcanvericidir. Gimnastlar özlərində böyük məsuliyyət hiss edirlər. Əslində bu, yaxşıdır. Yarışlar maraqlı keçir və iştirakçılar mükafatçılar sırasında yer almaq üçün çox istəklidirlər.

Bunu Bakıda təşkil olunan bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatını izləyən gənclər və idman nazirinin müavini Mariana Vasileva martın 16-da jurnalistlərə müsahibəsində deyib.

Hazırda Bakıda bir neçə ölkədən bədii gimnastların təlim-məşq toplanışında iştirak etdiklərini bildirən nazir müavini deyib: “Onlardan bəziləri çempionatda müsabiqədənkənar iştirak edirlər. Bu, rəqabət baxımından yaxşı addımdır. Olimpiya Oyunlarından sonra Beynəlxalq Gimnastika Federasiyası (FIG) bədii gimnastikada yeni qaydalar tətbiq edib. Ölkə çempionatı da həmin qaydalara uyğun keçirilir. Uzun müddətdir yerli və əcnəbi gimnastlar beynəlxalq turnirlər də iştirak etmirdilər. Hazırkı çempionat təcrübə və peşəkarlıq baxımından onların xeyrinə olacaq”.

Gimnastlarımızın beynəlxalq turnirlərə ciddi hazırlaşdıqlarını vurğulayan nazir müavini bildirib: “Ümid edirəm ki, bədii gimnastlarımız beynəlxalq mövsümə Bolqarıstanda start verəcəklər. Milli komandamızın dünya kubokunun mərhələ yarışında iştirakı nəzərdə tutulub. Turnirlərin mütəmadi təşkili həm idmançılar, həm də azarkeşlər üçün çox vacibdir. İdmançılar turnirlərdə iştirak etdikcə təcrübələrini artırırlar. Azarkeşlər isə yarışlardan zövq alırlar”.

Xatırladaq ki, martın 17-dək davam edəcək çempionatda “Ocaq Sport” klubunda, Bakı Gimnastika Məktəbindən, Respublika Kompleks İdman Məktəbindən, Xırdalanın “Zirvə” klubundan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışır. Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək.

İkiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər.

Xəbər 298 dəfə oxundu.