Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında top ilə final yarışının iştirakçıları müəyyənləşib
Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında top ilə final yarışının iştirakçıları müəyyənləşib.

Çempionatda gənclərin (2007-2009-cu illər təvəllüdlü) top ilə təsnifat mərhələsində uğurla çıxış edən Mədinə Dəmirova, Gövhər İbrahimova, Ləman Əhmədli, Ayan Sadıqova, Məryəm Əliyeva, Zəhra Cəfərova, Ayan Əliyeva və Dəniz Əsgərova finala vəsiqə qazanıblar.

Final yarışı martın 17-də təşkil olunacaq.

İki gün davam edəcək çempionatda paytaxt üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışır.

Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər.

Xəbər 561 dəfə oxundu.