Azərbaycan çempionatında gənc gimnastların çöxnövçülük yarışına Nərmin Bayramova liderlik edir
Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı davam edir.

Çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparırlar.

Gənc gimnastların çöxnövçülük yarışına Nərmin Bayramova liderlik edir. N.Bayramovanın dörd alətdə çıxışı hakimlər tərəfindən 86,900 xalla qiymətləndirilib. Dəniz Əsgərova 80,950 xalla ikinci pillədə qərarlaşıb. Hesabında 80,400 xal olan Nuray Əhmədzadə isə üçüncü pillədə yer alıb.

İki gün davam edəcək çempionatda paytaxt üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışır.

Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər.

Xəbər 367 dəfə oxundu.