Fərid Qayıbov Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciətlərini dinləyir, qaldırdıqları məsələlərin müsbət həll olunması üçün tədbirlər görürlər.

Qəbul cədvəlinə müvafiq olaraq, gənclər və idman naziri Fərid Qayıbov martın 11-də Tovuz şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Tovuz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Tovuz şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətlərinə əsasən, yaşadıqları ərazilərdə idman qurğularının inşa edilməsi, işlə təminat və digər məsələlər müzakirə olunub. Nazir Fərid Qayıbov hər bir vətəndaşı diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan bəzi müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda nazir müavini Mariana Vasileva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Xəbər 438 dəfə oxundu.