Azərbaycanın qarışıq cütlüyü dünya çempionatının finalına vəsiqə qazanıb
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının finalına vəsiqə qazanıb.

Cütlüyümüz temp hərəkətində təsnifat mərhələsində hakimlərdən 29,090 xal alıb və ikinci olub. Bu nəticə ilə komandamız həlledici mərhələyə adlayıb.

Martın 12-də təşkil olunacaq final mərhələsində Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Belçika, İsrail, İspaniya və Portuqaliya cütlükləri də birincilik uğrunda yarışacaqlar.

Sabir Ağayev və Mehriban Salamovadan ibarət digər cütlüyümüz 26,340 xalla doqquzuncu olub və finala adlaya bilməyib.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 289 dəfə oxundu.