Formula 1 Azərbaycan Qran-Prisinə ilk bileti Türkiyə vətəndaşı alıb
İyunun 10-12-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə ilk bileti Türkiyə vətəndaşı alıb.

Fevralın 22-dən satışa çıxarılan Formula 1 Azərbaycan Qran-Prisinə biletlər daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları tərəfindən əldə edilir. Həmçinin İspaniya, Niderland, Danimarka, Fransa, Norveç və sair ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edirlər. Tamaşaçılar daha çox tribuna (grandstand) zonasına maraq göstərirlər.

Ötən il COVID-19 pandemiyası ilə əlaqədar yarışı canlı izləyə bilməyən azarkeşlər bu il həyəcanlı idman yarışını yerində izləməyə ikiqat maraqlıdırlar.

Yarış üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90-160, tribunalara üçgünlük 280-970, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manat arasında dəyişir.

Biletləri “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzindən əldə etmək mümkündür.

Xəbər 262 dəfə oxundu.