Bu gün UEFA Çempionlar Liqasında səkkizdədir final mərhələsinin daha iki oyunu keçiriləcək
Martın 9-da UEFA Çempionlar Liqasında səkkizdədir final mərhələsinin daha iki oyunu keçiriləcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə gecə saat 12-da başlayacaq.

Gecənin prinsipial qarşılaşmasında “Paris Sen-Jermen” İspaniyada “Real Madrid”in qonağı olacaq. İlk matçda Paris təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Meydan sahiblərinin heyətində Ferlan Mendi və Kazemiro cəzalı olduqları üçün oynamayacaqlar. Zədələri yeni sağalan Toni Kroos və Federiko Valverdenin isə meydana çıxmaları sual altındadır. Qonaq komandanın heyətində Serxio Ramos və Leven Kurzava zədə səbəbindən oynamayacaqlar. Əşrəf Hakimi, Ander Errera və Kilian Mbappenin oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir.

Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə Portuqaliyanın “Sportinq” klubunu sınağa çəkəcək. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan “şəhərlilər” dörddəbir finala vəsiqəni demək olar ki, həll ediblər.

Qarşılaşmadan əvvəl Mançester təmsilçisinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş zədəlidir. Natan Akenin durumuna isə oyun günü aydınlıq gələcək. Lissabon təmsilçisinin heyətində isə Joau Palinya, Pedru Qonsalveş və Daniel Braqansa zədə, Mateus Nunyes cəza səbəbindən meydana çıxmayacaq.

Xatırladaq ki, ötən gün “Liverpul” səfərdə “İnter”ə məğlub (0:1) olub. Mersisayd təmsilçisi ilk oyunda iki cavabsız qolla qalib gəldiyi üçün dörddəbir finala adlayıb. Digər oyunda isə “Bavariya” doğma azarkeşlər önündə “Zaltsburq”u darmadağın edib (7:1). İlk oyunda Münhen təmsilçisi səfərdə qolsuz heç-heçə etmişdi.

Xəbər 263 dəfə oxundu.