V Dünya Etnoidman Forumunun iştirakçıları Binə Atçılıq Mərkəzində yaradılan şəraitlə tanış olublar
Bakıda "Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında keçirilən V Dünya Etnoidman Forumunun iştirakçıları, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və bir sıra ölkələrin səfirləri martın 6-da Binə Atçılıq Mərkəzində olublar.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev ölkəmizdə atçılıq idmanının inkişafı istiqamətində görülən işlər, federasiyanın və Binə Atçılıq Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın bütün sahələrində olduğu kimi, atçılıq idmanının da inkişafı diqqət mərkəzində saxlanılır. Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” atçılıq mərkəzinin “Süvarilər” qrupunun, çövkən, konkur, polo komandaları respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazanırlar. Ötən müddətdə ölkəmizdə beynəlxalq standartlara cavab verən ən müasir infrastrukturun yaradıldığı, xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində, eləcə də ölkəmizdə atçılıq idmanının təbliği və inkişafında, idman istedadlarının üzə çıxarılmasında, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində bir sıra uğurlar qazanılıb.

DSX-nin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, eləcə də solistlər – Fatimə Cəfərovanın, Fəxri Kazım Nicatın, Elnarə Xəlilovanın ifaları qonaqlarda xoş təəssürat yaradıb. DSX-nin “Süvarilər” qrupunun Qarabağ atları üzərində xüsusi proqramla çıxışını böyük izləyən forum iştirakçıları çövkən milli oyununa böyük maraqla baxış keçiriblər.

Xəbər 613 dəfə oxundu.