Qılıncoynatma üzrə “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında qılıncoynatma üzrə respublika birinciliyi keçirilib.

Azərbaycan Texniki Universitetinin idman kompleksində pandemiya qaydalarına əməl olunmaqla təşkil olunan yarışda uşaq-gənclər idman-şahmat məktəblərindən 100 idmançı qılıncoynatmanın sablya, rapira və şpaqa növləri üzrə mübarizə aparıb.

Yekun nəticələrə görə, oğlanlar arasında Ayxan Xasiyev (sablya), Raul Aruslanov (şpaqa), Məhəmməd Nuriyev (rapira) turnirin qalibi olublar. Qızların yarışında isə Fidan Quliyeva (sablya), Nəzrin Mehdiyeva (şpaqa) və Kamilla Məmmədova (rapira) birinci yeri tutublar.

Komanda yarışlarında isə oğlanlar arasında 7 nömrəli İOEUGİM-nin birinci komandası sablya, şpaqa və rapira növləri üzrə qalib elan olunub.

Qızlar arasında isə 1 nömrəli idman liseyinin birinci komandası hər üç növ üzrə ümumi hesabda fərqlənib.

Birincilikdə şəxsi və komanda görüşlərində oğlanlar və qızlar arasında ilk 3 yeri tutan idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunublar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd qılıncoynatma idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, şəhər və respublika yarışlarında iştirak etmək üçün Mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.

Xəbər 370 dəfə oxundu.